Taksi şirkəti, Reklam şirkəti, Tikinti şirkəti. Günümüzdə tez-tez adlarını eşitdiyimiz və işlərimizin keçdiyi bu şirkətlərin adı qulağımıza heç də yad deyil. Bəs qızqaçırtma şirkəti? Qəribə gəldi hə? Nə qədər qəribə olsa da bu şirkətin reklam sloqanı iş prinsipini tam olaraq özündə əks etdirir. “ Siz sevin, biz qaçırarıq” . Sloqandan göründüyü kimi, sevənləri qovuşduran, sifarişlə qız qaçıran şirkətin işçiləri filmimizin əsas qəhrəmanlarıdırlar.. Uzun illərdi şirkətdə çalışıb müxtəlif qaçaqaçların bilavasitə iştirakçısı olan Məlik və Məmməd bir gün çox çətin tapşırıq qarşısında qalırlar.. Təsadüfən şirkətin mövcudluğundan xəbər tutan Gündüzün son ümid yeri elə qəhrəmanlarımızın iş yeridi.. Günay adlı çox varlı bir adamın qızını sevən Gündüz çarəsiz vəziyyətdədir. Çünki əgər tələsməsə atası Günayı başqa bir adama zorla ərə verəcək.. Günayı qaçırtmaq üçün qızqaçırtma şirkətinə müraciət etsə də bu iş göründüyü qədər də asan deyil.. Günayın çox ciddi qorumalar tərəfindən nəzarətdə olması, atasının villalarının yanından quş belə uçurmaması Gündüzün gündüzlərini gecəyə çevirib..
Tapşırıq çətin olduğuna görə bu qızqaçırtma əməliyyatı üçün uzun illərdi Qırğızıstanda qızqaçırtma ilə məşğul olmuş necə deyərlər bu sənətdə saç ağartmış Təzəkişi təcili olaraq çağrılaraq əməliyyata cəlb olunur. Bir- birləri ilə yola getməyən Məlik və Məmməd onun köməkçiləri kimi vəzifələndirilsələr belə işləri gücləri Təzəkişiyə mane olmaqdı. Plan qurub əməliyyat nöqtəsinə çatan dostlar tezliklə sürprizlə qarşılaşırlar. Aydın olur ki, onların qaçırtmq üçün gəldikləri Günay bu gün ərə gedirmiş. Günayı gəlinlikdə görən Təzəkişi gözlənilmədən Günayı qaçırtmaqdan boyun qaçırır.. Sonradan Təzəkişinin keçmişdə bir qız sevdiyi və uzun illər öncə istəmədən öz keçmişdə sevdiyi qızı toy günü başqa bir adam üçün qaçırtdığı məlum olur. Bu hadisə Təzəkişinin yaddaşında dərin bir psixoloji zədə kimi həkk olunub. Elə o gündən bu günə Təzəkişi prinsipial olaraq gəlin qaçırtmağa tövbə eləyib .. Məlik və Məmmədin uzun sürən israrından sonra Günayı qaçırtmağa razı olan Təzəkişi çox keçmədən daha bir syurprizlə qarşılaşır.. Min bir əziyyətlə Günayı qaçırdan şirkətin əməkdaşları Günayı Gündüzə təhvil verərkən aydın olur ki, onlar əslində Günayı yox onun əkiz bacısı Gülayı qaçırıblar.. Onların qızları dəyişmək üçün çox az vaxtları qalıb.. Artıq dostların qarşısındakı missiya daha da çətinləşib onlar uzun müddət gəldikləri yolu geri qayıtmalı, Gülayı Günayla əvəzləməli, qızların atasının təqibindən yaxa qurtarmalıdırlar.. Təbii ki, yenə də hər şey onların planlaşdırdığı kimi baş tutmur.. İrəlidə onları daha gülməli və çətin macəralar gözləyir...